Dəbdəbəli materialların gələcəyi təbii, dayanıqlı və məsuliyyətli istehsala əsaslanır

Biz dəri interyerlərdən digər dayanıqlı materiallara keçirik. Bunu edən zaman biz material dizaynı sahəsindəki cari tendensiyalarla da ayaqlaşırıq.

Dəri olmayan materialdan hazırlanmış ineryerə malik tam elektrikli "Volvo" C40 "Recharge".

Yeni tam elektrikli C40 modelimiz interyerində qətiyyən dəri istifadə olunmayan ilk "Volvo" avtomobilidir.

Bu ilin əvvəlində dərc olunan məqalədə qeyd olunduğu kimi, C40 "Recharge" elektrik və kommersiya gələcəyimiz baxımından mühüm avtomobildir. Bununla belə, yeni tam elektrikli krossoverimiz gələcəyimizi digər bir cəhətdən də təmsil edir: bu, interyerində dəridən istifadə olunmayan ilk "Volvo" avtomobilidir. Belə ki, C40 bundan sonra heç bir tam elektrik "Volvo" modelinin dəridən istifadə olunmayacağına dair öhdəliyimizin təcəssümdür.


Bu gün "Volvo Cars"a təchiz olunan xam dəri materialları mal əti sənayesinin yan məhsullarından məsuliyyətli şəkildə əldə olunsa da, biz dəri tələbatının azaldılmasına töhfə verməklə heyvanların rifahını dəstəkləmək istəyirik.


Dərisiz interyerə keçidimiz həmçinin mal-qara təsərrüfatı, o cümlədən istixana effektli qaz emissiyaları və meşələrin qırılmasının ətraf mühitə mənfi təsirləri ilə bağlı narahatlıqdan irəli gəlir.


Dəridən istifadənin dayandırılması ilə yanaşı, biz həmçinin avtomobillərimizin içərisində heyvan məhsulları tərkibli müəyyən materiallardan istifadəni də tədricən azaltmağı hədəfləyirik: söhbət tərkibində, adətən, mal-qaranın qalıq məhsulları olan müəyyən plastik məmulatlar, rezinlər, sürtkü materialları və yapışdırıclardan gedir.


"Heyvanların rifahını dəstəkləyən məhsul və materiallar tapmaq çətin olacaqdır, ancaq bu mühüm məsələyə diqqət etməmək üçün səbəb yoxdur," dayanıqlılıq üzrə ekspertlərimizdən biri olan Stuart Templar bildirib. "Bu səfərə çıxmağa dəyər. Tam mütərəqqi və dayanıqlı yanaşmaya malik olmaq dedikdə onu nəzərdə tuturuq ki, biz özümüzə çətin suallar verməli, fəal şəkildə cavabları axtarıb tapmalıyıq."


Şübhəsiz, müştərilərimizi yüksək səviyyəli interyerlərlə təmin etməyə davam edəcəyik. Bunun üçün dərini əvəz edəcək yüksək keyfiyyətli və dayanıqlı material mənbəyi axarışındayıq. Yeni elektrikli avtomobillərimizdə "Volvo" sürücülərinə bioloji atributlu və təkrar emal edilmiş materiallar, o cümlədən müxtəlif növ premium parçalar və məsuliyyətli şəkildə əldə edilmiş yun məmulatlarından əldə olunan yun qarışıqları əsasında yüksək keyfiyyətli interyer seçimləri təklif olunacaqdır.

"2025-ci ilə qədər biz yeni "Volvo" avtomobillərində istifadə olunan materialın 25 faizinin təkrar emal edilmiş və bioloji əsaslı məhsullardan ibarət olmasını hədəfləyirik."

İş ondadır ki, premium və dəbdəbə anlayışlarının tərifi dəyişir. Dizayn dünyası, bütövlükdə, "şüurlu dizayn" adlanan üsluba keçir. Bu üslubda dayanıqlılıq və məsuliyyətli satınalma material və məhsulların istehsalında daim artan rol oynayır. Müştəri tədqiqatları da göstəri ki, onlar üçün dayanıqlılıq marka məhsullarının seçimində artan rola malikdir.


"Volvo Cars" və "The Future Laboratory" tərəfindən dərc olunan yeni tendensiya hesabatına görə, dünyanın müxtəlif yerlərindən olan dizaynerlər gələcəyin dəbdəbəli məhsullarını yaratmaq təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli, dayanıqlı və məsuliyyətli şəkildə satın alınmış materialları fəal şəkildə əldə edirlər. Bu, sirkulyar iqtisadiyyata və daha dayanıqlı məhsulların istehsalına ayırdığımız diqqətə tam uyğundur.


"Volvo" tərəfindən yaradılan, tam elektrik avtomobillərimizin növbəti nəslində debütünü edəcək "Nordico" adlı yeni interyer materialı buna yaxşı nümunədir. O, PET butulkalar kimi təkrar emal edilmiş materiallardan, İsveç və Finlandiyanın dayanıqlı meşələrindən əldə olunan bioloji atributlu materiallardan, eləcə də şərab sənayesindən təkrar emal olunan tıxaclardan hazırlanan parçalardan ibarətdir. Başqa sözlə, çox dayanıqlı, ancaq yenədə yüksək keyfiyyətlidir.


Biz 2040-cı ilə qədər tam sirkulyar biznesə keçid etmək hədəfimiz çərçivəsində 2025-ci ilə qədər yeni "Volvo" avtomobillərində istifadə olunan materialın 25 faizinin təkrar emal edilmiş və bioloji əsaslı məhsullardan ibarət olmasını hədəfləyirik. Biz həmçinin bütün birbaşa təchizatçılarımızın, o cümlədən material təchizatçılarımızın 2025-ci ilə qədər 100 faiz bərpa olunan enerjidən istifadə etməsini təmin etməyi qarşımıza məqsəd qoymuşuq.


Beləliklə, bütün sahələrdə olduğu kimi, gələcək materialların istehsalı da tamamlanmamış iş olaraq qalır. Bununla belə, əmin ola bilərik ki, biz bu inkişafın ön sıralarındayıq və dayanıqlılığa təhlükəsizlik qədər önəm verən şirkət olmaq hədəfimizə doğru irəliləyirik.

Paylaş